QGTİ (Quyu geofiziki tədqiqatları və işləri) - quyularda  aparılan  quyudaxili, quyuətrafı və quyulararası fəzalarda  təbii və suni  fiziki sahələrin  öyrənilməsi, qazıma  prosesində  aparılan  geoloji-texnoloji tədqiqatlar (GTT), eləcə də  məhsuldar  layların təkrar  açılması  ilə  bağlı  olan partlayış-atma işləri (PAİ) və  axının  intensivləşdirilməsi kimi  geofiziki tədqiqatlar və işlər.

- QGT (Quyu geofiziki tədqiqatları) - quyudaxili  və  quyuətrafı fəzalarda cihaz və avadanlıqlarla  həyata  keçirilən  geofiziki  tədqiqatlar. Onlara  aşağıdakılar  aiddir: karotaj - suxurların  petrofiziki xüsusiyyətlərinin  öyrənilməsi, neft və  qaz üçün perspektivli  və məhsuldar olan intervalların aşkarlanması  və  onlarda  olan  karbohidrogen  ehtiyatlarının  dəyərləndirilməsi,  quyuda aparılan digər tədqiqatların və əməliyyatların  dərinliyə bağlanması,  eləcə də quyu və yerüstü  geofiziki məlumatların interpretasiyası üçün lazım olan  məlumatın  əldə  edilməsi  məqsədilə  quyuda  və quyuətrafı fəzada fiziki sahələrin parametrlərinin dəyişilməsinin qeyd edilməsinə əsaslanan tədqiqatlar;

- QTVN (Quyuların texniki vəziyyətinə nəzarət) -. quyunun  qazılması, kəmərın  endirilməsi  və  sementlənməsi,  kollektorların qarşısinda yeni və ya təkrar süzgəclərin açılması, laydan  flüid  axınının  təmin edilməsı,  quyuların  əsaslı  təmiri  və  qəzaların  ləğv edilməsi proseslərinin  idarə edilməsi üçün lazımi məlumatlarla  təmin  olunması,  həmçinin qoruyucu kəmərin, quyuların  və avadanlıqların texniki  vəziyyətinə, texnologi tədqiqatı və onlara nəzarət həyata keçirilir.  Bu  məsələlərin  həllinə  aşağıdakılar  daxildir: quyu  lüləsinin  trayektoriyasının  və konfiquryasiyasının,  qazılması  davam  edən  quyularda  qazıma  alətinin tutulmasının  dərinliyinin  müəyyən  edilməsi;  qoruyucu kəmərin  arxasında  sementin  qalxma hündürlüyünün, kəmərarxası  fəzanın  sementlə  dolması və sementin kəmərlə və  süxurlarla təmasının keyfiyyəti,  qoruyucu  kəmər muftalarının və  nasos–komprtessor  borularının (NKB) kəsilişdə  vəziyyətinin,  onların  qalınlıq  və  defektlərının  müəyyən  edilməsi;  istismar  quyularında texnoloji  avadanlığın  yerinin,  parafin və duz çöküntülərinin, istismar kəmərində perforasiya  intervallarının,  NKB-nin tutulma  dərinliyinin  müəyyən  edilməsi.

- MGT (Mədən-geofiziki tədqiqatlar) - bura quyu lüləsində təzyiqin,  temperaturun,  axın  sürətinin, flüidlərin tərkibinin  və  xüsusiyyətlərinin  ölçülməsi daxil olmaqla layların  məhsuldarlığı,  süzmə  xüsusiyyətləri  və  hidrodinamik əlaqələri  haqqında  məlumatlar  üçün məhsuldar  layların  sınaq işləri,  mənimsənilməsi  və  uzunmüddətli  istismar   prosesində  onlara  sıxışdırıcı mayenin injeksiyası (təzyiq altında vurulması) zamanı nəzərdə  tutulan mədən-geofiziki tədqiqatlar daxildir.

- Layların birbaşa tədqiqatları – quyu divarlarından  süxur və  lay  flüidləri  nümunələrinin  götürülməsini,  onların  xüsusiyyətlərinin  və  tərkibinin, eləcə də layın  süzmə  xassələrinin öyrənilməsi  məqsədilə  flüid  nümunələrinin  götürülməsi  prosesində   lay  təzyiqinin  ölçülməsini  təmin  edir.

Quyularda aparılan  geofiziki  işlərə həm də perforasiya  intervallarının  dəqiqləşdirilməsi,  layların  svablama  yolu  ilə  mənimsənilməsi,  lay  flüidləri  axınının  intensifikasiyası,  geofiziki  avadanlığın  köməyi  ilə qəlibləmə (şablonun endirilməsi), “möhür” endirilməsi, hidrat  və  asfalten-parafin  çöküntülərinin kənarlaşdırılması  kimi  işlər və  tədqiqatlar  aid  edilir.

2481 dəfə oxunub !